21 Şubat 2012 Salı
Məktəbimiz haqqında
Məktəbimizin direktorları
Bu günə kimi məktəbimizdə 5 direktor dəyişib. Onlar haqqında sizə ətraflı məlumat vermək istərdik.
Həsənov İsrayıl Aslan oğlu
Həsənov İsrayıl 1912-ci ildə İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur. 1926-cı ildə Göyçay qəzasının Bığır kəndində 1-ci dərəcəli məktəbini, 1931-ci ildə Göyçay pedaqoji texnikumunu bitirmişdir. 1930-34-cü illərdə Göyçay rayonunun Qaradağlı, Qaraməryam, Bığır kənd yeddi illik məktəblərində müəllim işləmişdir. 1945-ci ildə ADQP institutunun fizika-riyaziyyat fakultəsini bitirmişdir.
1945-48-ci illərdə İsmayıllı rayon xalq maarif şöbəsinin müdiri, sonra məktəb direktoru, 1966-cı ildən 1977-ci ilə kimi yenə də İsmayıllı RXMŞ-in müdiri vəzifəsində çalışmışdır.
İ. Həsənov işlədiyi müddətdə özünü yaxşı pedaqoq, bacarıqlı təşkilatçı, maarifçi kimi tanıtmışdır. İsrayıl müəllim yorulmaq bilmədən pedaqoji axtarışlar aparır, rayon müəllimlərinə dəyərli məsləhətlər verir. 1961-ci ildə pedaqoji elmlər namizədi alimlik dərəcəsi adını almışdır.
Dövlət onun xidmətlərini layiqincə qiymətləndirmişdir. Belə ki, İsrayıl müəllim “Əməkdar müəllim”, kimi fəxri ada layiq görülmüş, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri ilə təltif olunmuşdur.
İ. Həsənov 1983-cü ildə vəfat etmişdir.
Görkəmli maarif xadimi, akademik M. Mehdizadə İsrayıl müəllimə dərin rəğbət bəsləmiş, onu həmişə yaradıcı fəaliyyətə ruhlandırmışdır.
İsrayıl müəllim 6 övlad atsı idi. Oğlu Rəhim tibb elmləri namizədidir. Tibb universitetində müəllim işləyir. Qızları Aidə, Zərifə, Ziba, Südabə, Gülər həkim və müəllimdirlər. Həyat yoldaşı Surə xanım təqaüddə olan müəllimdir. Qızı Ziba hal-hazırda 1 saylı məktəbdə riyaziyyat müəllimidir.
Əsədov Bayram Seyfi oğlu
Atasının iş fəaliyyəti ilə əlaqədar 1929-cu ildə Şamaxı rayonuna köçərək, 1949-cu ilə kimi orada yaşamışdır.
1945-ci ildə Şamaxı 1 №li orta məktəbi bitirmişdir. 1946-cı ildə azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakultəsinə daxil olaraq 1950-ci ildə oranı bitirmişdir. 1950-53-cü illərdə İsmayıllı rayon Basqal kənd orta məktəbində dərs-hissə müdiri, direktor vəzifəsində işləmişdir.
1953-cü ildən 1960-cı ilə kimi İsmayıllı rayon Xalq Maarif Şöbəsinin müdiri işləmişdir.
1960-cı ildən 1974-cü ilə kimi Azərbaycan KP İsmayıllı rayon komitəsinin ikinci katibi işləmişdir.
1974-cü ildən 1993-cü ilin sentyabrına kimi məktəb direktoru, şəhər sovetinin sədri, RXMŞ-də inspektor işləmişdir.
1993-cü ilin sentyabrından 200-ci ilin oktyabrına kimi İsmayıllı səhər İcra Hakimiyyətinin başçısı işləmişdir.
B. Əsədov işlədiyi müddətdə rəhbərlik tərəfindən əməyi qiymətləndirilmiş, və aşağıdakı fəxri adlara və təltiflərə layiq görülmüşdür:
Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı;
“Lenin Yubiley” medalı;
“Qabaqcıl Maarif Xadimi”
“Şərəf Nişanı” ordeni;
“Xalqlar Dostluğu” ordeni.
B. Əsədov hələ cavan yaşında rayonda ağsaqqal, sözükeçən, hər kəsə məsləhət verməyi bacaran, hər bir kəsin dərdinə şərik olmağı bacaran bir insan kimi tanınmışdır. O, həddindən çox özünə tələbkar, işinə məsuliyyətli və eyni zamanda təvazökar bir insan idi.
Bayram müəllim 2000-ci ilin oktyabr ayında vəfat edib.
Üç övladı var, hamısı ali təhsillidir.
Axundova Ənisə Kərim qızı
Axundova Ənisə 1926-cı ildə Lahıc qəsəbəsində anadan olmuşdur. Atası Axundov Kərim Peterburq gimnaziyasını bitirdikdən sonra hazırkı Lahıc orta məktəbinin bünövrəsini qoyanlardan biri olub və həmin məktəbdə müəllim və təlim-tərbiyə üzrə direktor müavini işləmiş, 1935-ci ildə dünyasını dəyişmişdir.
Anası Axundova Ağadostu evdar qadın olmuşdur.
Axundova Ənisə 1943-cü ildə məktəbdə oxuduğu vaxt Bakı şəhərinə pedaqoji kursa dəvət olunmuş, həmin kursu 6 ay müddətində bitirib Lahıc orta məktəbinə dil-ədəbiyyat müəllimi təyin olunmuşdur.
1944-cü ildə ailə vəziyyəti ilə əlaqədar İsmayıllı rayonuna köçmüş və həmin rayonda “Stalin” adına orta məktəbdə(indiki rayon 2 saylı məktəb) fəaliyyətini davam etdirmişdir.
1950-ci ildən 1955-ci ilə qədər ADU-nun filologiya fakultəsində oxumuşdur. 1957-ci ildə 1 saylı orta məktəbinə dərs hissə müdiri, 1962-ci ildə isə məktəb direktoru vəzifəsinə təyin olunmuşdur. Həmin vəzifəni 1979-cu ilə qədər davam etdirmişdir. Axundova Ənisə 58 illik pedaqoji fəaliyyəti müddətində səy və bacarığını şagirdlərin savadlı, əsl vətəndaş kimi yetişmələrinə sərf etmişdir. Tutduğu vəzifənin öhdəsindən layiqincə gəlmiş, çalışmışdır ki, məktəbin göstəriciləri yüksək olsun. Onun şagirdləri həmişə yüksək bilik nümayiş etdirib, iş yerlərində bacarıqlı mütəxəssislər kimi seçilmişlər. Hər il məktəbi bitirən 160-170 şagirdin 80-90%-i ali məktəblərə daxil olurdular. Axundova Ənisə işlədiyi müddət ərzində ictimai işlərdə fəal çalışmışdır.
Uzun müddət rayon və şəhər sovetinə deputat seçilmiş, rayon partiya komitəsinin plenum üzvü, Maarif Nazirliyinin ştatdankənar metodisti işləmişdir. Fəaliyyəti nəzərə alınaraq Ali Sovetin fəxri fərmanı, müxtəlif orden və medallarla təltif olunmuşdur.
1968-ci illərdə Moskvada keçirilən müəllimlərin V qurultayında nümayəndə kimi iştirak etmişdir. Fəaliyyət göstərdiyi müddətdə 1 saylı şəhər orta məktəbi respublikanın ən qabaqcıl məktəblərindən olan 44 saylı orta məktəb və Xaldan orta məktəbi ilə uzun müddət görüşlər, təcrübə mübadiləsi keçirmişdir.
Ənisə müəllim 1985-ci ildən Mican kənd orta məktəbində müəllim kimi fəaliyyət göstərib.
2007-ci ildə vəfat edib. Dörd övladı var. Ali təhsillidirlər.
Şəfaqətova Gülsurə Gülbaba qızı
Şəfaqətova Gülsurə 1952-ci ildə İsmayıllı rayonunun Diyallı kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirib. İnstituta daxil olub. Ildə həmin institutu bitirib harda işləməyə başlayıb.
1958-ci ildə Diyallı kənd orta məktəbinin birinci sinfinədaxil olub. 1968-ci ildə həmin məktəbi “Qızıl medal”la bitirib. Həmin il o, Azərbaycan Pedaqoji İnstitutuna daxil olub, 1972-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib.
1982-ci ildən 1984-cü ilədək İsmayıllı şəhər 1 saylı orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
1984-cü ilin noyabr ayından 1997-ci ilin mart ayına kimi İ. Həsənov adına İsmayıllı şəhər 1 saylı orta məktəbinin direktoru vəzifəsində çalışıb. İşlədiyi müddətdə şagirdlərin sayı 780 nəfərdən 1615 nəfərə kimi artmışdır. İşlədiyi müddətdə 10 nəfərdən çox şagird qızıl və gümüş medallara layiq görülmüşdür. Hər il məktəbi bitirən şagirdlərin 40-60%-i ali məktəblərə qəbul olunmuşdur. Şagirdlər olimpiadalarda, müsabiqələrdə, müxtəlif yarışlarda iştirak etmişlər.
İşlədiyi müddətdə məktəbin 3 ha sahəsi olub. Bu sahədə alma, kartof, sarımsaq, qoz şitili yetişdirilib satılırdı və qalan ərazinin otu biçilirdi. 8 baş iribuynuzlu mal-qara saxlanılırdı. Südü günüuzadılmış qrupların uşaqlarına verilirdi, tətil vaxtlarında isə müəllimlərə satılırdı. Əldə olunan vəsait məktəbin bankdakı hesabına köçürülürdü. Bu vəsait şagirdlərin mükafatlandırılmasına, ekskursiyaların təşkilinə, ehtiyacı olan şagirdlərə paltar, ayaqqabı, və sairə alınmasına və məktəbin digər işlərinə xərclənilirdi. 1997-ci ilin mart ayından bu günə kimi 1 saylı məktəbdə riyaziyyat müəllimi işləyir.
3 övladı var. Ali təhsillidirlər.
Rəsulov Şəfaqət Həbib oğlu
Rəsulov Şəfaqət 1951-ci ildə İsmayıllı rayonunun Mican kəndində anadan olmuşdur. 1958-ci ildə Mican kənd 8 illik məktəbin 1-ci sinfnə daxil olub, 1968-ci ildə həmin məktəbin X sinfini bitirmişdir.
1968-ci ildə Gəncə Pedaqoji İnstitutunun kimya fakultəsinə daxil olub, 1972-ci ildə həmin institutu bitirmişdir.
1972-1974-cü illərdəİsmayıllı rayonunun Quşencə kəndində kimya müəllimi işləmişdir. 1974-1975-ci illərdə hərbi xidmətə çağrılmış, ordu sıralarından tərxis olunduqdan sonra 1975/76-cı illərdə Mingəçevir şəhər 3 saylı orta məktəbdə kimya müəllimi işləmişdir. 1976-cı ildən 1979-cu ilə kimi İsmayıllı rayon qiyabi orta məktəbində kimya müəllimi və metodist kimi işləmişdir.
1979-cu ildən İsmayıllı rayon təhsil şöbəsinə metodist təyin edilmiş, 1985-ci ilin oktyabr ayından İsmayıllı rayon təhsil şöbəsi nəzdində metodkabinetin müdiri, 1987-ci ildən 1997-ci ilədək İsmayıllı rayon təhsil şöbəsi müdirinin müavini vəzifəsində çalışmışdır.
Ş. Rəsulov müəllim işləyərkən kimya müəllimi kimi qabaqcıl iş təcrübəsi rayonda, metodkabinetin müdiri işləyərkən rayonun metodkabinetinin iş təcrübəsi respublika üzrə öyrənilib yayılmışdır.
1997-ci ildən hal-hazıradək İsmayıllı şəhər 1 saylı orta məktəbin direktorudur.
Ş. Rəsulov RTŞ Şurasının və Təhsil İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin rəyasət heyətinin üzvüdür. Bir neçə dəfə rayon sovetinə deputat seçilmişdir. O, dəfələrlə rayon icra hakimiyyətinin, RTŞ-nin və Təhsil Nazirliyinin fəxri fərmanlarını almışdır. Əməkdar müəllimdir. İşlədiyi müddətdə məktəbin uğurları həddindən çox olmuşdur. Bu müddətdə Prezidentin qərarı ilə keçirilən “Ən yaxşı məktəb”, “Ən yaxşı müəllim” müsabiqəsində məktəb “İlin məktəbi”, və iki nəfər müəllim isə “İlin müllimi” müsabiqəsinin qalibi olub. İngilis dili müəllimi Şükufə Nəcəfova və biologiya müəllimi Ülviyyə Tahirova.
2012-ci ildə iki müəllimimiz-Piriyeva Pərvanə və Mahmudova Ruhiyyə bu müsabiqədə iştirak edirlər.
Ş. Rəsulov gözəl ailə başçısıdır. 5 övlad atasıdır. Onların 3-ü ali təhsillidir.
Kaydol:
Kayıtlar (Atom)